İnkişaf Region

Yevlax pambıqçıları qısa vaxtda 666 tondan çox məhsul yığıblar

Yevlax rayonunda pambıq yığımı kampaniyası davam edir və qısa vaxtda qəbul məntəqələrinə 666 tondan çox məhsul təhvil verilib.

365.com.az Azərtac-a istinadən xəbər verir ki, bu il Yevlax rayonunda 2406 hektarda pambıq becərilib. Sahələrə əsasən yerli şərait üçün əlverişli sayılan “Gəncə 110”, “Karizma” və “Bəyaz altun” pambıq sortları əkilib. Rayonda fəaliyyət göstərən “MKT İstehsalat Kommersiya” MMC və “P-Aqro” MMC ilə müqavilə bağlayan fermerlər texnika, toxum, gübrə və kimyəvi preparatlarla təmin ediliblər. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib.

Rayonda pambıq yığımına 8 ədəd pambıqyığan kombayn, 18 ədəd traktor, 55 ədəd qoşqu, 6 ədəd dərmansəpən traktor və sair texnika və qurğular cəlb edilib. Məhsul yığımına mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri yetişdirdikləri pambığı qısa müddətdə toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Ötən il 5296,4 ton məhsul toplayan yevlaxlı fermerlər bu il məhsuldarlığı daha da artırmağı qarşıya məqsəd qoyublar.