Baş Hadisə

Xəzərdə geoloji kəşfiyyat qayığında partlayış olub: ölən və yaralılar var

Bu gün günorta saatlarında SOCAR-a məxsus qayıqda partlayış olub.

365.COM.AZ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yaydığı məlumata əsasən xəbər verir ki, nəticədə şirkətin əməkdaşı Məmmədov Habil Gülməmməd oğlu həlak olub. Hadisə yerində olan şirkətin əməkdaşları Vəliyev Azər Vaqif oğlu, Paşayev Bəhruz Rafiq oğlu və müqavilə əsasında xidmət göstərən qayıqçı Xəlilov Böyükağa Məmmədağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili yardım maşını ilə 5 saylı şəhər xəstəxanasına çatdırılıb.

Partlayış Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında baş verib.

Hadisənin başvermə səbəbi hələlik bəlli deyil.

Səhiyyə Nazirliyinin məlumatına görə, partlayış barədə Təcili Tibbi Yardıma çağırış 13:20-də daxil olub.

Nazirliyin bildirdiyinə görə, Pirallahı rayonu Gürgan kəndi, (mayakın yanı) qayığın yaxınlığında baş vermiş partlayışda 3 nəfər kişi müxtəlif dərəcəli yanıq xəsarətləri ilə 5 nömrəli xəstəxananın yanıq şöbəsinə çatdırılıblar.

İlkin tibbi yardım göstərildikdən sonra xəstələr Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüblər. Onlara üzün, sifətin yanığı və sifətin qəlpəli yaraları, xəstələrdən birinin gözündə xəsarət aşkar olunub.

Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin “əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi başlanıb.