Ölkə

Üç təbəqədən olan vətəndaşların təhsil haqlarını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. 365.com.az sputnik.az a istinadən xəbər verir ki, bu, “Peşə təhsili haqqında” yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin 20-ci maddəsində (Peşə təhsili müəssisəsində təhsilalanların və işçi heyətinin sosial müdafiəsi) deyilir ki, qanunla müəyyən edilmiş qaydada sosial müdafiəyə xüsusi ehtiyacı olan aşağıdakı qrup şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir: valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; I, II və III qrup əlillər; şəhid ailələrinin üzvləri; 20 yaşına çatmamış və I qrup əlil valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər.

Həmin maddədə deyilir ki, dövlət peşə təhsili müəssisələrində təhsil alanların və işçi heyətinin sosial müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar üzrə, özəl peşə təhsili müəssisələrində isə müəssisənin nizamnaməsi ilə tənzimlənir və həyata keçirilir.

Dövlət təhsil alanların təhsil haqlarının və təhsillə bağlı digər xərclərinin ödənilməsinə uzunmüddətli və güzəştli kreditlər verilməsini təmin edir, təhsil alanın əmək fəaliyyətinə başladıqdan sonra kredit borclarını ödəmə mexanizmini müəyyənləşdirir və həyata keçirilməsinə şərait yaradır.

Qeyd edək ki, fevralın 1-də keçirilən Milli Məclisin plenar iclasında “Peşə təhsili haqqında” qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Bir cevap yazın