Ölkə Region

Tələbə adını qazanan ağdamlı məzunlar mükafatlandırılıblar

Bu il Ağdam rayonunun ümumtəhsil məktəblərini bitirən məzunlardan 591-i tələbə adını qazanıb. Gənclərdən 85 nəfəri 500-600 arası, 23 nəfəri isə 600-dən çox bal toplayıb. Builki məzunlardan, həmçinin 10 nəfəri xüsusi təyinatlı məktəblərə qəbul olub.

365.com.az Azərtac-a istinadən xəbər verir ki, Quzanlı qəsəbəsindəki Muğam Mərkəzində bu il respublikanın ali məktəblərinə qəbul olan gənclərlə görüş keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri qoyub, xatirəsini yad ediblər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məclisin deputatı Ağalar Vəliyev və təhsil şöbəsinin müdiri Mətanət Misirxanova tələbə adını qazanan gəncləri təbrik edərək, onlara uğurlar arzulayıb, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan nailiyyətlərdən danışıblar.

Görüşdə çıxış edən gənclər və onların valideynləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Yüksək bal toplayan gənclərə pul mükafatı verilib. Tədbir konsert proqramı ilə davam edib.