Dünya

Sofiyada Xocalı soyqımı qurbanlarının xatirəsi yad edilib

Sofiya şəhərinin tarixi məkanlarından olan Mərkəzi Hərbi Klubda Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

365.com.az-ın APA-a istinadən verdiyi məlumata görə, anım mərasimində Bolqarıstanın dövlət qurumlarının və ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri, Bolqarıstan vətəndaşı olan həmvətənlərimiz, tələbələr, “Azərbaycanın Dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, ictimai, mədəni xadimlər iştirak ediblər.

Mərasimdə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Xocalı soyqırımının tarixi, səbəbləri və nəticələri barədə iştirakçılara ətraflı məlumat verib. Səfir Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində soyqırımı törədildiyini vurğulayıb.

Hava və quru yollarının bağlanması ilə Xocalının təcrid olunduğunu, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə əsasən ermənilərdən ibarət keçmiş Sovet İttifaqının 366-cı Motoatıcı Piyada Alayının dəstəyi ilə erməni silahlı qüvvələrinin intensiv atəş və bombardmanın ardınca şəhərə hücum edərək işğal etdiyini söyləyən N.Qurbanova Xocalı sakinlərinin inanılmaz əziyyətlərə məruz qaldıqlarını bildirib.

Daha sonra səfir Xocalı soyqırımının icraçılarının hələ də cəzasız qaldığını deyib, cinayətkarların ədalətə təslim edilməli olduğunu vurğulayıb.

“Xocalıya ədalət” beynəlxalq kampaniyası nəticəsində Xocalı soyqırımı ilə bağlı beynəlxalq humanitar hüquq pozuntularına dair beynəlxalq ictimaiyyət arasında qlobal məlumatlığın artmasından danışan səfir hazırda dünyadakı Azərbaycan dostlarının Xocalı soyqırımının qınanmasına qoşulduqlarını bildirib, prinsipial mövqelərini nümayiş etdirdikləri üçün onlara təşəkkürünü çatdırıb.

Səfir N.Qurbanovanın çıxışından sonra mərasim musiqili kompozisiya ilə davam etdirilib. Konsert proqramında məşhur bolqar bəstəkarı, pianoçu və xor dirijoru akademik Kiril Lambov və Lyudmila Gerovanın rəhbəri olduğu Aleko Konstantinov adına Kitabxananın Qadın Xoru tərəfindən idarə olunan “Nadejda” Bələdiyyəsi Mədəniyyət Mərkəzinin “Sofiya Sinfonietta” orkestri tərəfindən klassik musiqi bəstələrindən seçmələr ifa olunub. Konsertdə həmçinin K.Lambov tərəfindən bəstələnmiş “Qarabağ uşaqlarının anaları” odası səsləndirilib.

Mərasimin sonunda ehsan süfrəsi açılıb.

Bir cevap yazın