Baş Kriminal Region

Şabranda “cin çıxarmaq” adı ilə öldürülən şəxsin atası ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində Şabranda “cin çıxarmaq” adı ilə 25 yaşlı gənci öldürməkdə təqsirləndirilən dəstə üzvləri – Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Füzuli Qəribov, Sahib və Aprel Xəlilovların cinayət işi üzrə məhkəmə prosesi davam edib.

365.COM.AZ APA-ya istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ölən Murad Soltanovun atası Şahin Soltanov ifadə verib.

Ş.Soltanov bildirib ki, həyat yoldaşı ilə illər əvvəl ayrılıb və oğlu Murad ana nənəsi ilə qalıb: “Nənəsi öləndən sonra anası başqasına ərə gedəcəyini deyib və bu, Murada pis təsir edib. Ondan sonra gəlib mənimlə qalmağa başladı. Bir gün səhər yuxudan duranda onun vəziyyəti qəfildən dəyişdi. Başını divara vurur, üstünə soyuq su tökür, söyüş söyürdü. Həkimlər gəlib dəlixanaya apardılar. Orada sakitləşmişdi. Sonra anası gəldi dedi ki, ver uşağı aparım, onda “cin” var. Anası dindardır, xəvaric təriqətinə mənsubdur, namaz qılmayana “kafir” deyir”.

Hüquqi varis bildirib ki, bundan sonra uşaqda “cin” olduğunu düşünərək, molla axtarmağa başlayıblar:

“Muradı xəstəxanadan çıxarıb maşında mollaya göstərdim. Molla dua oxuyanda uşağın vəziyyəti daha da pisləşdi. Molla dedi ki, uşaqda cin var. Onu müxtəlif pirlərə da apardıq. Molla uşağa dualar oxuyur və zeytun ağacının çubuğu ilə yüngül zərbələrlə vururdu. Həmin proses Murada müsbət təsir edirdi və düzəlməyə başlayırdı. Hətta sərbəst küçədə də gəzirdi”.

Ş.Soltanov deyir ki, daha sonra Muradın anası, daha doğrusu, onun yenidən ailə qurduğu Elnur başqa bir molla – təqsirləndirilən Füzuli Qəribovu gətirib:

“Füzuli dedi ki, uşağın cini var və o da dualar oxuyacaq. Bundan sonra Füzuli və digər təqsirləndirilən şəxslər Muradı “müalicə”yə başladılar. Onlar dua oxumaqla yanaşı, Muradı çubuqla ağrıtmayacaq həddə vururdular. Füzuliyə dedim ki, birdən uşaqlar Muradı möhkəm döyərlər, nəzarət et. Həmin gün Muradı “seans”dan götürməyə gedəndə gördüm ki, vəziyyəti yaxşı deyil. Mənə dedilər ki, qətiyyən həkimə zəng eləmə, evə apar, düzələcək. Evdə vəziyyəti daha da pisləşdi. Paltarını çıxaranda gördüm ki, çubuqla o qədər vurublar ki, göbəyindən sinəsinə qədər qapqaradır. Bunlara zəng etdim, gəldilər. Oğlumun sinəsini masaj edərək, süni nəfəs verdim, bir dəfə özünə gəldi, amma sonradan nəfəsi getdi. Bunlar isə dayanıb baxırdılar. İndi deyirlər ki, Füzuli bizə dedi, biz də kömək məqsədi ilə etdik. Deməli, Füzuli bunlara desəydi ki, cini çıxarmaq üçün, uşağın dərisini soymaq lazımdır, onu da edəcəkdilər. Adamın insafı olar, uşağı saat yarım dayanmadan döyüblər, Murad yalvarıb onlara, amma biri insafa gəlməyib. Hətta küçədə itə belə bir şey edəndə adamın yazığı gəlir, bunların heç biri deməyib ki, adamı bu qədər döymək olmaz, öləcək…”

Proses növbəti həftə davam edəcək.

Qeyd edək ki, ötən il Şabran rayonunda kirayədə yaşadığı evdə Bakı şəhər sakini, 25 yaşlı Murad Soltanovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin altı nəfər tərəfindən törədildiyi müəyyən edilib. Araşdırmalarla onların Şabran şəhər sakinləri – Vüsal İbrahimov, Əfqan Tanrıverdiyev, Cəmil Qayıbov, Sahib Xəlilov, Aprel Xəlilov və Füzuli Qəribov olduqları müəyyənləşdirilib və onlar şübhəli şəxslər qismində saxlanılaraq Şabran rayon Polis şöbəsinə gətiriliblər. İlkin təhqiqat zamanı saxlanılanlar törətdikləri cinayət əməllərini etiraf ediblər. Həmin şəxslərin evdə M.Soltanovu guya xalq təbabətindən istifadə olunmaqla müxtəlif formada müalicə etdikləri, bədənindən şər qüvvələri çıxarmaq (cin çıxartmaq) adı ilə nar ağacının çubuqları ilə vuraraq ona ağır bədən xəsarətlər yetirdikləri, məhz bundan sonra sonuncunun kirayədə qaldığı mənzildə dünyasını dəyişdiyi məlum olub. Araşdırmalarla M.Soltanovun Bakı şəhərində əvvəllər də eyni üsulla guya müalicə aldığı, lakin sonuncu belə “seans” zamanı sağlamlıq durumunun qəfil pisləşdiyi müəyyən edilib. Saxlanılan şəxslər polisə verdikləri ifadələrində M.Soltanovu 2 seans “müalicə” etdiklərini, ikinci seansın 40 dəqiqə çəkdiyini bildiriblər. Onların sözlərinə görə, M.Soltanov 40 dəqiqə nar çubuğu ilə döyülməsi nəticəsində ağır bədən xəsarətləri alaraq ölüb Eyni zamanda keçirilən tədbirlərlə Vüsal İbrahimovun yaşadığı evə baxış zamanı oradan 1 ədəd qanunsuz olaraq saxladığı “Toz-8” markalı tüfəng aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3 (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədilən qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 138.2-1-ci (Tətbiqi müəyyən olunmuş qaydada qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə ehtiyatsızlıqdan şəxsin ölümünə və ya sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb