İnkişaf Region

Sabirabadda heyvandarlıq məhsulları istehsalı artıb

Kənd təsərrüfatı rayonu olan Sabirabadda heyvandarlıq əsas təsərrüfat sahəsi hesab olunur. Rayonda bu sahəni müasir texnologiyalar əsasında inkişaf etdirmək məqsədilə son illər bir sıra mühüm tədbirlər həyata keçirilib, iri heyvandarlıq və quşçuluq təsərrüfatları yaradılıb. Görülən işlər nəticəsində rayonda iribuynuzulu mal-qaranın baş sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 575 baş artaraq 122 min 22 baş, qoyun- keçilərin sayı isə 2 min 334 baş artaraq 230 min 842 baş olub. Mal-qaranın baş sayının artması heyvandarlıq məhsulları istehsalına da müsbət təsir göstərib.

365.com.az Azərtac-a istinadən xəbər verir ki, cari ilin ötən səkkiz ayı ərzində rayonda ət istehsalı 12 min 2 ton (diri çəkidə), süd istehsalı 78 min 625 ton, yun istehsalı 570 ton, yumurta istehsalı isə 44 milyon 515 min ədəd olub ki, bu da ötən ilin eyni dövründə istehsal olunan ətdən 416, süddən 124, yundan 22 ton, yumurtadan isə 7 milyon 853 min ədəd çoxdur.

Rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına da xüsusi diqqət yetirilir. Daha məhsuldar olan cins mal-qaranın yetişdirilməsi məqsədilə rayonda 17 süni mayalanma məntəqəsi yaradılıb. Süni mayalanmada holsteyn-şviss, şviss, şarole, simmental cinsi və Azərbaycanın yerli camış törədicilərindən istifadə olunaraq, 2019-cu ilin ötən ayları ərzində iribuynuzlu mal-qaradan süni mayalama yolu ilə 4 min 174 baş cins tərkibi yaxşılaşdırılmış bala alınıb.