Ölkə Region

Saatlı, İmişli və Sabirabad rayonlarının təhsil işçiləri ötən tədris ilinin yekunlarını müzakirə ediblər

Sabirabaddakı Heydər Əliyev Mərkəzində keçirilən zona konfransında Saatlı, İmişli və Sabirabad rayon təhsil işçiləri ötən tədris ilinin yekunlarını müzakirə edib, qarşıda duran vəzifələrdən danışıblar.

365.com.az Azərtac-a istinadən xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanan konfransda Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov müəllimləri yeni dərs ili münasibətilə təbrik edib. Təhsilin inkişafı və onun beynəlxalq standartların tələblərinə cavab verməsi ilə bağlı həyata keçirilən dövlət siyasətinin uğurlu nəticələrindən danışan icra başçısı Sabirabad rayonunda bu istiqamətdə reallaşdırılan layihələr barədə məlumat verib, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün görülən işlərdən ətraflı söhbət açıb.

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firudin Həmzəyev təhsilin maddi-texniki bazasının gücləndirilməsi, təhsil işçilərinin rifahının yüksəldilməsi və əməkhaqlarının artırılması istiqamətində ölkədə həyata keçirilən tədbirlərdən danışıb, görüləcək işləri diqqətə çatdırıb.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin təhsil strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasının ildən-ilə möhkəmləndirilməsi təhsilin səviyyəsinə müsbət təsir göstərir.

Nazirliyin nümayəndəsi çıxışının sonunda təhsil şöbələri müdirlərinin hesabatlarına münasibətini bildirib, qəbul imtahanlarında zəif nəticə göstərən ümumtəhsil məktəblərinin fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıb, 2019-2020-ci tədris ili ilə bağlı tövsiyələrini verib.

Konfransda hesabat məruzəsi ilə çıxış edən Sabirabad Rayon Təhsil Şöbəsinin müdiri Pəhləvan Qarayev bildirib ki, Azərbaycanda gedən hərtərəfli inkişaf prosesi təhsil sistemində də nəzərəçarpan dəyişiklik və ürəkaçan mənzərə yaradıb. Respublikada təhsil islahatlarının uğurla həyata keçirilməsində rayonda fəaliyyət göstərən pedaqoji kollektivlər yaxından iştirak edir.

Qeyd olunub ki, rayon üzrə 85 təhsil ocağı fəaliyyət göstərir. Yeni dərs ilində bu məktəblərdə 26 min şagird təhsil alacaq və onların təlim-tərbiyəsi ilə 3 min müəllim məşğul olacaq.

Diqqətə çatdırılıb ki, bu il ümumi təhsil məktəblərini bitirən XI sinif şagirdlərindən 345-i ali təhsil müəssisələrinə qəbul olunub. Onlardan 37-si 500-600 arası, 5-i isə 600-dən yuxarı bal toplayıb.

Konfransda İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Quliyev və Saatlı Rayon Təhsil Şöbəsinin müdiri Seyidağa Kazımov 2018-2019-cu tədris ilində əldə etdikləri nailiyyətlərdən və gələcək vəzifələr barədə hesabat məruzəsi ilə çıxış ediblər.