Ölkə

Şəhərlərarası sərnişindaşımada hər iki istiqamətə onlayn bilet satışı mümkün olacaq

Hazırda şəhərlərarası və beynəlxalq sərnişin daşımada iştirak edən avtobusların yola salınma prosesi və on-line bilet satışı avtomatlaşdırılıb, mərkəzi məlumat bazası mövcuddur.

365.com.az-ın APA-a istinadən verdiyi məlumata görə, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, sərnişin on-line rejimdə beynəlxalq internet şəbəkəsi vasitəsilə reysə 10 gün qalmış gedəcəyi istiqamətdə bilet əldə edə bilər: “Sərnişinlərin on-line rejimdə daha uzun müddətli dönəm üçün və hər iki istiqamətdə (gediş və dönüş) bilet əldə etməsi prosesinin reallaşdırılması “Avtomobil nəqliyyatı-yeni tənzimləmə konsepsiyası” layihəsinin əsas tərkib hissəsidir. Bu məqsədlə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) “Vahid elektron bilet” proqram təminatı üzərində təkmilləşdirmə işlərinə başlayıb”.

O bildirib ki, bu layihənin nəticəsi olaraq şəhərlərarası sərnişin daşımalarında on-line dispetçer xidməti vasitəsilə hər iki istiqamətə on-line bilet satışı mümkün olacaq.