Kriminal Region

Qusarda mal-qara oğurluğu edən iki nəfər saxlanılıb

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yerləşən beş fərdi təsərrüfatdan, ümumilikdə, on bir baş xırda və iribuynuzlu heyvan oğurlayan şəxsləri saxlayıb.

365.com.az Azərtac-a istinadən xəbər verir ki, araşdırmalarla həmin şəxslərin Xaçmaz rayon sakinləri Mətləb Məmmədquliyev və əvvəllər dəfələrlə məhkum olunan Zaur Tağıyev olduqları müəyyən edilib.

Polis tərəfindən həmin şəxslərin törətdikləri başqa oğurluq hadisələrinin də üstü açılıb. Belə ki, M.Məmmədquliyev və Z.Tağıyev Quba rayonu ərazisində də analoji cinayət hadisəsi törədərək, iki fərdi təsərrüfatdan xırdabuynuzlu heyvanlar oğurlayıblar.

Dindirilmə zamanı həmin şəxslər cinayət əməllərini etiraf edərək, oğurladıqları heyvanları Sumqayıt şəhəri ərazisində satdıqlarını bildiriblər.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Həmin şəxslərin başqa oğurluq hadisələrində iştirak edib-etməmələri araşdırılır.