İqtisadiyyat Region

Qazaxda barama tədarükünə başlanılacaq

“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin 2017-ci il 27 noyabr tarixli Sərəncamı ölkəmizdə baramaçılığın inkişaf etdirilməsi üçün geniş imkanlar açıb. Son illər respublikamızın bir çox bölgələrində olduğu kimi, Qazax rayonunda da baramaçılıq ildən-ilə inkişaf etdirilən sahələrdən birinə çevrilib.

365.com.az AZƏRTAC-a istinadən xəbər verir ki, qazaxlı kümçülər 2016-cı ildə 1502 kiloqram yaş barama təhvil veriblər. 2017-ci ildə rayon kümçüləri bu rəqəmi 4 min 623 kiloqrama çatdırıblar. Ötən il kümçülər tərəfindən 6 min 260 kiloqram yaş barama istehsal olunaraq “Azəripək” ASC-yə təhvil verilib. Cari ildə isə kümçülər tərəfindən 8 ton yaş baramanın istehsalı nəzərdə tutulur.

Artıq rayonun Cəfərli və Xanlıqlar kəndlərində baramanın tədarükü üçün hazırlıqlara başlanılıb. Kümçülər bildiriblər ki, baramaçılıqda məhsul mövsümüdür. Belə ki, ipəkqurdları beçinci yuxunu başa vuraraq barama sarımağa başlayıb. İpəkqurdu üçün sonuncu hesab edilən beşinci yaşda ən vacibi yemin normativlər əsasında verilməsi, yer sıxlığının azaldılması, havalandırmanın düzgün qurulmasıdır. Bu mərhələdə yarpaqlar qurudularaq verilməlidir. Əks halda, kümxanada xəstəlik yarana bilər.

Qeyd edək ki, bu gün xeyli sayda kənd sakini baramanın yetişdirilməsində çalışır. Hətta onların arasında Prezident İlham Əliyevin sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə haqqı ödənilən ictimai işlərə cəlb olunan sakinlər də var. Bu gün “DOST İş Mərkəzi” MMC-də çalışan hər bir kənd sakini istər ictimai işin təşkilinə, istərsə də ölkəmizdə baramaçılığın inkişafına görə ölkə başçısına minnətdarlıq edirlər. Hər il olduğu kimi bu il də kümçülər daha çox məhsul götürməyi qarşıya məqsəd qoyduqlarını söyləyirlər.