Baş Ölkə

Pakistanın “Shaheen Airlines” şirkəti iyun ayından Bakıya uçuşlar həyata keçirəcək

365.com.az SalamNews-a əsasən xəbər verir ki, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Səid Xan Mohmand, Pakistanın Kommersiya və Sənaye Palatasının prezidenti Zahid Latif Xandandan ibarət nümayəndə heyətini qəbul edib.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, görüşdə nazir Əbülfəs Qarayev Azərbaycanın turizm potensialı, son illər ölkəmizdə turizmin inkişafı istiqamətində görülən işlər, qəbul edilmiş normativ hüquqi sənədlər və gələcəkdə bu sahədə həyata keçiriləcək layihələr haqqında geniş məlumat vermişdir. Ölkəmizin beynəlxalq hava limanlarında vizaların “ASAN Viza” sistemi vasitəsilə tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərman barədə danışan nazir Əbülfəs Qarayev bu Fərmanın turizmin inkişafı istiqamətində atılan növbəti mühüm addımlardan biri olduğunu da bildirmişdir. Eləcə də, nazir ötən il ərzində ölkəyə 2 milyon turistin gəlməsinin 20 % artımdan xəbər verdiyini qeyd etmişdir.

Nazir Pakistandan ölkəmizə səfər edən turistlərin sayının artırılması istiqamətində ikitərəfli əməkdaşlıq üçün Azərbaycanda hər cür imkanların olduğunu bildirmişdir.

Pakistanın səfiri Səid Xan Mohmand əvvəlcə qəbula görə nazirə təşəkkürünü bildirmiş, fəaliyyəti dövründə Azərbaycanın turizm imkanları ilə tanış olmaq fürsəti yarandığını və bu barədə Pakistanın iş adamları və iri biznes qurumlarının rəhbərlərini məlumatlandırdığını vurğulamışdır. Bununla da Azərbaycanın turizm sahəsinə geniş töhfə vermək istədiyini bildirmişdir.

Daha sonra bu əlaqələr çərçivəsində Pakistanın “Shaheen Airlines” şirkətinin cari ilin iyun ayından etibarən Bakıya uçuşların təşkil etmək niyyətində olduğunu qeyd etmişdir. Bu layihənin Azərbaycanın Pakistan vətəndaşları üçün turizm nöqteyi nəzərdən vacib istiqamət olduğunu vurğulayaraq, qısa müddət ərzində ölkəmizə çoxsaylı turistlərin gələcəyinə ümidvar olduğunu bildirmişdir.

Görüş zamanı səfir Səid Xan Mohmand 2018-ci ilin 4-5 iyul tarixlərində Bakıda keçiriləcək 31-ci Beynəlxalq Nailiyyət Mükafatı və Biznes İmkanları Konfransı haqqında və bu tədbirə qatılacaq iş adamları barədə məlumat vermişdir.

Görüşdə iştirak edən Kommersiya və Sənaye Palatasının prezidenti Zahid Latif Xandan qeyd etmişdir ki, rəhbərlik etdiyi Palata Pakistanın ən böyük özəl qurumlarından biridir və 25 illik fəaliyəti çərçivəsində təxminən 7000 üzvü vardır. Bununla yanaşı, fəaliyyəti dövründə Zahid Lətif Xandan iki ölkənin iş adamlarının ikitərəfli görüşlərinin təşkili istiqamətində bu Palatanın böyük işlər gördüyünü vurğulamışdır. Nazir Əbülfəs Qarayev Azərbaycan Konqreslər Bürosu ilə Pakistanın Kommersiya və Sənaye Palatasının əməkdaşlığını təklif etmiş və bu birgə fəaliyyətin hər iki qurum üçün önəmli olacağını bildirmişdir.

Nazir görüşdən məmnunluğunu ifadə edərək, gələcəkdə də mədəniyyət və turizm sahəsindəki münasibətlərə Nazirlik tərəfindən hər zaman dəstək veriləcəyini qeyd etmişdir.

Bir cevap yazın