Baş Ölkə

Oqtay Əsədov Türkiyənin əmək və sosial müdafiə naziri ilə görüşüb

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Türkiyənin əmək və sosial müdafiə naziri, xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

MM-dən APA-ya verilən məlumata görə, O. Əsədov xanım nazirin ilk səfərini Azərbaycana etməsindən və nümayəndə heyətinin tərkibində Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvarın olmasından məmnunluq duyduğunu söyləyib. O qeyd edib ki, qarşılıqlı yüksək səviyyəli səfərlər, xüsusilə də dövlət başçılarının səmimi və yaxın münasibətləri ikitərəfli əlaqələrin inkişafında müstəsna rol oynayır: “Bu günə qədər ölkələrimiz arasında 213 sənəd imzalanıb, 30-a yaxın sənədə isə baxılmaq üzrədir”.

Sədr Milli Məclisin Türkiyə ilə münasibətlərin daha da dərinləşməsi istiqamətində atılan addımları həmişə dəstəklədiyini, gələcəkdə də bu sahəni diqqət mərkəzində saxlayacağını vurğulayıb.

Jülide Sarıeroğlu isə bildirib ki, nazir kimi onun Azərbaycana ilk səfəri müvafiq qurumlar arasında əlaqələrin inkişafı baxımından çox önəmlidir. Qonaq iki ölkə arasında qardaşlıq və dostluq münasibətlərinin daha da inkişafında parlamentlərin rolunu yüksək qiymətləndirib. O qeyd edib ki, Türkiyə hökuməti Azərbaycanla həyatın ən müxtəlif sahələrində əməkdaşlığı gələcəkdə də inkişaf etdirmək əzmindədir.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyə Böyük Millət Məclisinin üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

Bir cevap yazın