İnkişaf Region

Oğuzda taxıl biçininə 50-dən çox kombayn cəlb olunub

Cari mövsümdə Oğuz rayonunda 16 min 87 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 11 min 969 hektarını buğda, 4 min 118 hektarını arpa sahələri təşkil edir. Rayonun Böyük Söyüdlü, Xaçmaz, Padar kəndlərinin ərazilərindəki taxıl sahələrində arpa biçininə başlanılıb. Kampaniyanın ilk günündə 60 hektaradək sahənin arpası biçilib, 180 ton məhsul tədarük olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 30 sentner təşkil edir.

365.com.az AZƏRTAC-a istinadən xəbər verir ki rayon üzrə taxıl biçini kampaniyasına 56 kombayn, həmçinin lazımi qədər küləşpresləyən aqreqat, şum traktoru, yük maşını, qoşqu və digər texnika cəlb edilib.

Xatırladaq ki, ötənilki mövsümdə oğuzlu fermerlər 16 min 531 hektar taxıl sahəsindən 50 min tonadək məhsul tədarük ediblər. Hər hektardan orta məhsuldarlıq 30 sentnerdən yüksək olub.