Baş Region

Naməlum şəhidlərdən ikisinin kimliyi müəyyənləşdirilə bilər

İmişlidəki məzarlıqda dəfn edilən 11 naməlum şəhidin indiyədək yalnız birinin kimliyi bəlli olub. Bu da Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndindən olan Zeynalov Nəsimi Şahlar oğludur.

Bu məlumatı 365.com.az-a İmişlidə çıxan “Xalq sözü” qəzetinin baş redaktoru, həm də bu işin araşdırıcısı, təşəbbüskarı Səməd İsmayılov verib. Onun sözlərinə görə, 2004-cü ildən bəri axtarış və araşdırma aparmalarına baxmayaraq, Şəmmədli məzarlığında uyuyan vətən fədailərinin sahibləri hələ də tapılmayıb: “O vaxt “Təknur” MMC-nin direktoru Ələkbər Məmmədovun köməkliyi ilə şəhidlərin şəkillərini əks etdirən 500-dən çox jurnal çap etdirdik. Həmin fotojurnalları respublikanın bütün hərbi komissarlıqlarına göndərdik ki, çağırışçıların son şəkilləri ilə tutuşdurulsun. Düzdür, dəfələrlə rayonlardan gəlib baxıblar, telekanallar, internet saytları da verdi, lakin hələ konkret nəticə yoxdur. Qeyd etdiyim kimi, yalnız birinin kimliyi məlum olub. Hər halda qalanların da sahiblərinin tapılacaqlarına inanıram. Hazırda şəhidlərdən iki nəfərin kimliyinin aydınlaşması ehtimalı böyükdür. Çünki bu yaxınlarda gəlib şəkillərinə baxıb bənzədiblər”.

Səməd müəllim deyir ki, onların kimliyinin aşkara çıxarılmasında ən böyük çətinliyin yaranmasına səbəb dəfn olunduqları zaman edilən səhlənkarlıqlar olub:

“Şəhidlərin dəfnindən əvvəl müəyyən işarələr qeyd edilməyib. Bu da indi onların müəyyənləşdirilməsinə mane olur. Yenə şükür ki, dəfndən əvvəl şəkilləri çəkilib. Hər halda, nə qədər ömrüm var bütün gücümlə çalışacağam ki, onların sahibləri tapılsın. Bu işi görməyi mən özümə mənəvi, vətəndaşlıq borcu hesab edirəm”.

 

[Best_Wordpress_Gallery id=”88″ gal_title=”Naməlum şəhidlərdən ikisinin kimliyi müəyyənləşdirilə bilər”]

Bir cevap yazın