Ölkə

Muxtar respublikada gənclər vətənpərvərlik ruhunda tərbiyə olunurlar

Muxtar respublikanın təhsil müəssisələrində çağırışaqədər yaş həddində olan gənclər arasında vətənpərvərlik tərbiyəsi işinə xüsusi diqqət yetirilir.

365.com.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən metodik məşğələdə ətraflı danışılıb.

2019-2020-ci tədris ilinin başlanması ilə əlaqədar orta ümumtəhsil müəssisələrinin çağırışaqədərki hazırlıq rəhbərlərinin iştirakı ilə keçirilən məşğələdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik-leytenant Sultan Zamanov çıxış edərək deyib: “Naxçıvan Muxtar Respublikasında bütün sahələr kimi, təhsil sahəsi də hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Təhsil müəssisələri üçün yeni binaların tikilərək müəllim və şagirdlərin istifadəsinə verilməsi, məktəblərin müasir maddi-texniki baza ilə təchiz olunması, bacarıqlı pedaqoqların tədrisə cəlb edilməsi bu istiqamətdə həyata keçirilən tədbirlərdəndir”.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin Təhsil Şöbəsi ilə birgə razılaşdırılmış tədbirlər planına uyğun olaraq gənclərin çağırışaqədərki hazırlıq fənninin tədrisi ilə əlaqədar vətənpərvərlik mövzusunda və hərbi rəhbərlərin pedaqoji biliklərinin artırılması yönündə mütəmadi məşğələlər keçirilir. 2019-2020-ci tədris ilinin başlanması münasibətilə keçirilən növbəti məşğələ də bu istiqamətdə reallaşdırılan tədbirlərin davamıdır.

Sonra xidmətin Naxçıvan Şəhər İdarəsinin əməkdaşı Məhərrəm Əliyevin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Şahmar Hüseynovun çıxışları dinlənilib.

Tədbirdə pedaqoji kollektivlərlə birlikdə təhsil müəssisələrində çağırışaqədər yaş həddində olan gənclər arasında vətənpərvərlik tərbiyəsi işinə diqqətin artırılması, hərbi-vətənpərvərlik hisslərinin gücləndirilməsi üçün Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin yaradılması günlərinin qeyd edilməsi, müharibə veteranları ilə görüşlərin təşkili, şagirdlərin müvafiq kinofilmlərə baxışının təmin olunması, habelə onların hərbi-idman oyunlarında yaxından iştirakı və sair haqqında fikirlər səsləndirilib.