Baş İdman Region

“Mil-Muğan” səfərdə MOİK-ə məğlub oldu

Aprelin 27-də futbol üzrə Azərbaycan çempionatının I dəstəsində növbəti-25-ci turun oyunları keçirilib. İmişlinin “Mil-Muğan” komandası səfərdə Bakının MOİK klubu ilə qarşılaşıb. “Bakı” FK-nın stadionunda baş tutan oyun hərbçilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyun haqqında “365.com.az”-a məlumat verən komandanın məşqçisi Laçın Mustafayev qarşılaşmanın birinci yarısının bərabərsəviyyəli keçdiyini bildirib: “Oyunu müdafiədən quran komandamızın bu taktikası hissənin sonlarına qədər uğurlu alındı. Lakin 43-cü dəqiqədə meydan sahiblərinin növbəti hücumu qolla nəticələndi. Bəhruz Teymurov topu dəqiq zərbə ilə komandamızın qapısından keçirdi.”
İkinci hissədə “Mil-Muğan”ın hesabı bərabərləşdirmək üçün daha çox hücumlara meylləndiyini deyən məşqçi komandanın 66-cı dəqiqədə qapısında növbəti qol gördüyünü qeyd edib. Bu dəfə Kamil Nurəhmədov fərqlənib: 2:0.
“İkinci hissənin sonlarına yaxın baş məşqçımız Xalıq Mustafayev əvəzetmələr zamanı gənclərə şans verdi. Onların meydanda olması da komandanı böyükhesablı məğlubiyyətdən xilas etmədi. 87-ci dəqiqədə Bəhruz Teymurov daha bir dəqiq zərbə ilə həm dublunu, həm də MOİK-in 3:0 hesablı qələbəsini rəsmiləşdirdi”- məşqçisi deyib.
Hazırda “Mil-Muğan” 25 turdan sonra 27 xal toplayaraq turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Bir cevap yazın