İdman

“Mil-Muğan” çempionatda cari mövsüm son oyununu keçirib

Futbol üzrə Azərbaycan çempionatının I dəstəsində 2017-2018-ci illər mövsümünə yekun vurulub. İmişlini bu yarışda təmsil edən “Mil-Muğan” komandası Bakının “Sabah” klubu ilə qarşılaşıb.

Binə qəsəbə stadionunda keçirilən görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində Raul Yaqubzadə, (28, 47), Məhəmməd Əliyev, (40), Bayram Nuruzadə, (64), qonaqlardan isə Afin Bağırov, (87) fərqləniblər.

Bu barədə məlumatı 365.com.az-a “Mil-Muğan”ın məşqçisi Ruhid Usubov verib. O, deyib ki, hesabın belə olmasında yol yorğunluğu böyük rol oynayıb:

“Oyun günorta saat 13.00-da başladı. Biz isə Bakıya oyundan az öncə çatdıq. Belə olan halda, təbii ki, komanda yaxşı oyun nümayiş etdirə bilməzdi. Bundan başqa, oyunun nəticəsi turnir cədvəlində yerimizə təsir etməyəcəkdi. Bu da, uşaqlarda arxayınlıq yaratdı. Növbəti mövsüm çalışacağıq ki, daha iddialı komanda formalaşdıraq.”

“Mil-Muğan” yekunda 30 xal toplayaraq çempionatı 8-ci sırada tamamlayıb.