Baş İnkişaf Region

Masallıda maarifləndirici təlim keçirilib

“Hüquqi Yardım” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Uşaqları insan alverinin acı nəticələrindən qoruyaq!” layihəsi çərçivəsində Masallı şəhərində bir günlük təlim təşkil edib.

365.com.az-ın APA-a istinadən verdiyi məlumata görə, təlimdə Masallı rayonunu təmsil edən 25 uşaq və yeniyetmə iştirak edib.

Təlimdə iştirak edənlər üçün insan alveri və onun uşaq və yeniyetmələrin həyatında buraxdığı acı nəticələr, insan alverinin fəsadları, onun həyata keçirilməsinin forma və metodları, üsul və vasitələri ilə bağlı bir günlük təlim keçirilib.

Təlimdə ”Hüquqi Yardım” ictimai birliyinin hüquqşünası İlqar Qasımov, təlimçi Qafar Cəfərov və həmçinin DİN İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin məsul əməkdaşı, polis mayoru İbrahim Əhmədov iştirakçılar qarşısında çıxış ediblər.

Tədbirdə həmçinin yeniyetmələr üçün insan alveri anlayışı, insan alveri qurbanları, potensial qurbanlarla işləmə prinsipləri və qaydaları, qurbanların sosial və hüquqi müdafiəsi, Azərbaycan respublikası üçün spesifik olan insan alveri formaları, insan alverinə qarşı mübarizə tədbirləri, onun profilaktikası, insan alveri qurbanlarının müdafiə edilməsi və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsasları barədə ətraflı məlumat verilib. İnsan alveri qurbanlarının reabilitasiyası və reinteqrasiyası, onların müdafiəsi ilə bağlı nəzərdə tutulan çoxşaxəli tədbirlər, insan alveri qurbanları üçün sosial reabilitasiya mərkəzləri, vətəndaşların insan alveri qurbanına çevrilməməsi üçün nələri bilmələri haqda danışılıb.

Təlimdə “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı” ətraflı təhlil edilib, Astara rayonu ərazisində fəaliyyət göstərən ictimaiyyət üzvləri üçün insan alveri ilə mübarizə barədə dolğun bilgilər verilib.

Təlim interaktiv şəraitdə davam edib və təlimin sonunda iştirakçıların çoxsaylı sualları təlimçilər tərəfindən ətraflı cavablandırılıb.

Təlimdə həmçinin bütün iştirakçılara “Hüquqi Yardım” ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ərsəyə gətirdiyi “Uşaq və yeniyetmələri insan alverinin fəsadlarından qoruyaq!” adlı bukletlər paylanılıb.