Region

Lənkəranda 69 ağacın qanunsuz kəsilməsi ilə bağlı prokurorluğa müraciət edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi Lənkəran, Lerik, Masallı, Astara, Cəlilabad rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib.

365.com.az “APA”-a istinadən bildirib ki, reyd zamanı Lənkəran rayonu Sinovli kəndi ərazisində, Osaküçə bələdiyyəsinin mülkiyyətinə məxsus torpaq sahəsində yaşköküstə 4-30 sm diametrliyində 69 ədəd müxtəlif cinsli ağacın kəsildiyi aşkarlanıb. Ağacları Lənkəran rayonu Sinovli kəndində yaşayan Daşqın Mehrəliyevin kəsdiyi və təbiətə 8600 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Bir cevap yazın