Ölkə Region

İsmayıllıda 15 kilometrlik 2 yolun inşası yekunlaşır

İsmayıllı rayonu ərazisində cari ildə 2 yol infrastrukturu layihəsinin icrası yekunlaşır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra olunan layihələr üzrə yolların ümumi uzunluğu 15 kilometr təşkil edir.

365.com.az Azərtac-a istinadən məlumat verir ki, bunlar başlanğıcını respublika əhəmiyyətli Muğanlı-İsmayıllı avtomobil yolunun 30-cu kilometrindən götürən Təzəkənd-Ağbulaq-Qoşakənd, həmçinin başlanğıcını Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 27-ci kilometrindən götürən Quşencə-Zoğallıq marşrutları üzrə yaşayış məntəqələrini əhatə edən avtomobil yollarıdır. Layihələrə uyğun olaraq, yeni yol yatağı inşa edilib, yollar boyu müxtəlif diametrlərə malik 191 poqonmetr uzunluğunda yeni dəmir-beton suötürücü borular, həmçinin kommunikasiya xətlərinin keçirilməsi üçün 122 poqonmetr metal boruların quraşdırılması işləri icra edilib. Hazırda yollar boyu 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür. Asfaltlanma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Ümumilikdə, 150 min kvadratmetr sahədə tikinti işləri görülüb.

Layihənin sonuncu mərhələsində, zəruri olan yerlərdə 7 avtobus dayanacağının inşa edilməsi, hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal dirəklərinin və kilometr göstəricilərinin quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərinin, eləcə də piyada zolaqlarının çəkilməsi nəzərdə tutulur.

Avtomobil yollarının yenidən qurulması 5 mindən artıq əhalisi olan 5 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edəcək.