Region

İmişlidə: Pensiyaçılar bankomatların azlığından şikayətçidir

2017-ci ilin məlumatına əsasən, İmişli rayonunun 127,1 min əhalisi var. Bu isə o deməkdir ki, hazırda rayonda 130 minə yaxın sakin yaşayır.

365.com.az məlumat verir ki, bu qədər əhalinin yaşadığı rayonda pensiya və maaşları vətəndaşlara verməli olan “Kapital Bank”ın bankomat qurğusunun sayı cəmi 7-dir. Bunların da 4-ü rayon mərkəzində, 3-ü isə böyük kəndlərdədir.

Rayon sakini Səməd Məmmədov deyir ki, pensiya verilən zaman onun kimi yaşlı insanlar xeyli əziyyət çəkməli olurlar: “Bəzən, bankomatların heç də hamısında pul olmur. Bayramqabağı günlərdə isə bankomatların qarşısında saatlarla növbə gözləməyə məcbur oluruq. Hamı da çalışır ki, evinə bayram bazarlığı etmək üçün necə olur-olsun pulunu çıxarsın. Pul olan bir-iki bankomatın qarşısında isə çox vaxt növbə davası gedir. Olmazmı ki, bu qurğuların sayını artırıb insanları əziyyətdən qurtaralar?”

Müəllim işləyən Ceyhun Şükürov fevralın 28-dən maaşların verilməsinə baxmayaraq, yalnız bu gün maaşını aldığını deyir:“Yaşadığım Bəhrəmtəpə qəsəbəsində bankomat olsa da, işləmir. Mən də məcburən 18 kilometr məsafədə yerləşən rayon mərkəzinə gəlib prospektdəki bankomatdan pulu çıxarmalı oldum. Bu da əlavə xərc, vaxt itkisi deməkdir. Deyilənə görə, əvvəllər pul kütləsini inkassatorlar bankomatlara rayon filialının özündən, indi isə “Kapital Bank”ın region mərkəzindən – Beyləqandan gətirib yükləyirlər. Yəqin ki, əlavə çətinliklərin yaranmasında belə amillərin rolu var”.

Bu problemin nə zaman həllini tapacağını öyrənmək üçün “Kapital Bank”-la əlaqə saxlamağa çalışsaq da, suallarımızı cavablandıran olmadı.

Bir cevap yazın