Baş Region Təhsil

İmişlidə Heyvanların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirilib

365.COM.AZ xəbər verir ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı Tural Abbasovun iştirakı ilə İmişli şəhər 1 sayl məktəb-lisey və 2 saylı tam orta məktəblərdə Heyvanların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirilib.
Bu barədə məlumat İmişli Təhsil Şöbəsinin Facebook səhifəsində yayımlanıb. Yayımlanan məlumata görə tədbirlərdə video çarx nümayiş olunub, planetimizdə insanlar tərəfindən vəhşi təbiətin, meşələrin qırılması, fauna və flora növlərinin yox edilməsi ilə bağlı şagirdlərə məlumat verilib.

Tədbirdə İştirakçılara məlumat verilərək bildirilib ki, 4 oktyabr Heyvanların Beynəlxalq Müdafiəsi Günüdür. Bu ənənə 1931-ci ildə Florensiyada ekoloqların nəsli kəsilməkdə olan bəzi növlərin müzakirəsi aparılan yığıncağından sonra təqvimə daxil edilib. Bundan sonra həmin hadisə əhatə dairəsini genişləndirərək, dünyadakı heyvanların bütün növlərinə şamil olunub.
4 oktyabr tarixi heç də təsadüfi seçilməyib. Heyvanların müdafiəsinə qalxan ilk insanlardan olan Mahatma Qandinin ad günü məhz oktyabrın 4-dür. Həmçinin, bu gün müqəddəs Fransisko Assizkonun ölüm günü kimi yad olunur. Orta əsr İtaliyasında yaşamış əfsanəvi zahid nəinki Fransis ordeninin əsasını qoyan, həmçinin heyvanların müdafiəçisi və himayəçisi kimi yad olunur. Buna görə də bir çox rəssamlar öz əsərlərində müqəddəs Fransisi heyvan və quşların əhatəsində təsvir ediblər.
Heyvan müdafiəçilərinin bütün cəhdlərinə baxmayaraq, planetimizdə insanlar tərəfindən vəhşi təbiətin, meşələrin qırılması, fauna və flora növlərinin yox edilməsi sürətlə davam edir.

Ümumdünya Vəhşi Təbiət Fondunun məlumatına görə, hər bir saatda dünyada 3 heyvan, hər gün isə 70 fauna və flora növü yox olur. Balıq növlərinin isə 35 faizinin nəsli kəsilib. Bu templə davam edərsə yaxın günlərdə fauna və flora növlərinin 1/4-i yer üzündən silinəcək.

Tədbirin sonunda Tural Abbasovun qeyd etmişdir ki, bu cür tədbirlər, şagirdlərə məlumatların verilməsi və videoçarxın nümayişi onların yaddaşında təbiətə, heyvanlara və ətraf aləmə sevgi oyadacaq.

Tədbir şagirdlərin suallarını cavablandırması ilə sona çatmışdır.