Dünya

Ermənistanda müxalifətçilər etiraz aksiyalarını davam etdirmək niyyətindədirlər

Ermənistanda sabiq prezident Serj Sərkisyanın baş nazir təyin olunmasına etiraz edən müxalifətçilər, liderlərinin saxlanılmasına baxmayaraq, yürüş və mitinqləri davam etdirmək niyyətindədirlər.

365.com.az-ın APA-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Yerevanda keçirilən mitinqdə “Vətəndaş sazişi” partiyasının nümayəndəsi Ruben Rubenyan bildirib.

“Əvvəlki günlərdə olduğu kimi, aksiyalarımıza 08.15-də start veriləcək. Onlar istisna olaraq dinc xarakterli olacaq”, – deyə Ruben Rubenyan qeyd edib. Onun sözlərinə görə, müxalifətin atacağı addımlar ənənəvi olaraq axşam mitinqində müəyyənləşdiriləcək.

Parlament deputatı Lena Nazaryan etiraz aksiyalarının saxlanılan rəhbəri Nikol Paşinyanın adından mitinq iştirakçılarına müraciət edərək polislə qarşıdurmalara yol verməməyə və gecə saatlarında küçələrdə qalmamağa çağırıb.

Qeyd edək ki, aksiyalar son 10 gündə ilk dəfədir ki liderlərsiz keçirilir. Bu gün İrəvanın Erebuni rayonunda polis yürüş keçirən aksiyaçıların qarşısını kəsib və toqquşma baş verib. Qarşıdurma zamanı bir neçə nəfər xəsarət alıb, 200-dən çox etirazçı saxlanılıb. Aksiyalara rəhbərlik edən Ermənistan parlamentinin deputatı Nikol Paşinyan da saxlanılıb və ona qarşı ictimai asayişi pozmaqla bağlı ittiham irəli sürülüb. Ermənistan Baş Prokurorluğu parlamentin deputatları Sasun Mikaelyan və Ararat Mirzoyanın da saxlanıldığını açıqlayıb.

Bundan əvvəl S. Sərkisyan və müxalifət lideri Nikol Paşinyan arasında görüş keçirilib. Cəmi 3 dəqiqə davam edən görüşdə N. Paşinyan S. Sərkisyanın istefa verməsini tələb edib. S. Sərkisyan isə bu tələbi qəbuledilməz adlandırıb və görüşü tərk edib.

Bir cevap yazın