Mədəniyyət Ölkə Region

Cəlilabadda “Sülh aylığı” çərçivəsində tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə keçirilən “Sülh aylığı” çərçivəsində sentyabrın 24-də Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində “Dayanıqlı sülh insan hüquqlarının səmərəli təminatı kimi” mövzusunda tədbir keçirilib.

365.com.az Azərtac-a istinadən xəbər verir ki, tədbirdə Cəlilabad Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Ofelya Qəhrəmanova, rayonun Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Cəlilabad Rayon Təhsil Şöbəsinin əməkdaşı Atamalı Əliyev və Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə Nümayəndəsi Elnur Atakişiyev mövzuyla bağlı çıxış ediblər.

Çıxış edənlər 1981-ci ildən BMT-nin qərarına əsasən, 21 sentyabr tarixinin bütün dünya ölkələrində Beynəlxalq Sülh Günü kimi qeyd olunmasını qeyd edərək, bu günün keçirilməsinin mahiyyəti, sülh dialoqu, sülh mədəniyyəti, münaqişələrin həllinə və sülh prosesinə dəstək verilməsi, dövlətimizin sülhsevər siyasəti barədə danışıblar.

Bildirilib ki, 1994-cü ildə ulu ondər Heydər Əliyev tərəfindən atəşkəs sazişinin imzalanması, əzəli torpaqlarımızın məhz sülh yolu ilə qaytarılmasına səy göstərilib.

Prezident İlham Əliyevin bu məsələ ilə bağlı yürütdüyü siyasətə, atəşkəs rejiminə baxmayaraq, erməni hərbi birləşmələri mütəmadi olaraq bu sazişin şərtlərini pozaraq kütləvi yanğınlar törətməklə, sərhədyanı kəndlərə müxtəlif silahlardan atəş açaraq mülki əhaliyə ziyan vururlar.

Qeyd olunub ki, erməni hərbçilərinin dinc əhalini girov götürməsi insanların həyatına təhlükə yaradır, onların yaşamaq, sərbəst hərəkət etmək və digər hüquqlarını pozur.

Bütün bunların nəticəsi olaraq mülki əhalinin, uşaqların, qadınların, ahılların, əlillərin hərbi münaqişələr zamanı insan hüquqlarının qorunmasına aid beynəlxalq sənədlərin müddəaları ciddi şəkildə pozulur.

Diqqətə çatdırılıb ki, bu kimi halların davam etməsi, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişənin həll edilməsi ilə bağlı qəbul etdiyi Qətnamələrin icra olunmaması, işğal altında olan torpaqlarımızda mövcud mədəni irsimizin mənimsənilməsi, nadir tarixi abidələrimizin amansızcasına dağıdılması dünyada sülhün bərqərar olmasına mənfi təsir göstərir.