Baş Ölkə

Böyük İstiqlalçının Doğum Günüdür

31 yanvar bütün islam aləmində, eləcə də Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Demokratik Respublikasının banisi, böyük istiqlal mücahidi Məhəmməd Əmin Rəsulzadənin doğulduğu gündür. O, 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində dünyaya gəlib. Bu gün onun 134 illiyi qeyd olunur.

İlk təhsilini “Rus-müsəlman” məktəbində alan M.Ə.Rəsulzadə sonra Bakı texniki məktəbində oxuyub. 17 yaşında “Müsəlman Gənclik Təşkilatı”nı yaradan gələcək ictimai-siyasi xadim, bununla da, həmin dövrdə Azərbaycanda imperiya üsul-idarəsinə qarşı mübarizə aparan ilk siyasi təşkilat qurur. Az sonra bu təşkilat “Müsəlman demokratik Müsavat cəmiyyəti” adı ilə fəaliyyət göstərən partiyaya  çevrilir.  Bu qurum isə neçə il sonra yaradılacaq demokratik dövlətin həlledici qüvvəsi olur. Məhz siyasi fəaliyyətinin ilk illərində də böyük ictimai-siyasi xadimin ədəbi yaradıcılıq dövrü başlanır.

M.Ə.Rəsulzadənin “Müxəmməs” adlı ilk əsəri 1903-cü ildə “Şərqi Rus” qəzetində çap olunub. “Qaranlıqda işıqlar”, “Nagəhan bəla” pyeslərində və yazdığı digər əsərlərində böyük ədib milli məfkurə ideyalarını təbliğ edirdi. O, bu illərdə ədəbi yaradıcılıqla yanaşı, siyasi fəaliyyətini daha da gücləndirir.

1908-ci ilin çar üsul-idarəsi tərəfindən həbs olunmaq təhlükəsi ilə üzləşən M.Ə.Rəsulzadə İrana gedir. O, Təbrizdə Azərbaycan xalqının milli qəhrəmanı Səttarxanla görüşür. Bir müddətdən sonra yenidən Bakıya qayıdaraq “Açıq söz” qəzetini çap etdirir. Onun böyük zəhməti hesabına Müsavat Partiyası böyük siyasi  qüvvəyə çevrilir.

1917-ci ilin fevral burjua inqilabı milli istiqlalçılara müəyyən mənada kömək edir. Fəaliyyətlərini daha da gücləndirən milli istiqlalçılar müxtəlif partiyaların cəm olduğu Milli Şura yaradaraq M.Ə.Rəsulzadəni bu quruma sədr seçirlər. Milli Şura 28 may 1918-ci ildə Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını elan edir. Bir müddət paytaxtı Gəncə olan hökumət az sonra rus-daşnak birləşmələrindən azad olunan Bakıya köçür və ölkə rus qoşunları tərəfindən işğal olunana qədər-1920-ci ilin aprelin 28-ə qədər burada fəaliyyət göstərir.

Demokratik Respublikanın süqutundan az sonra M.Ə.Rəsulzadə həbs olunur. Vaxtilə ölümdən qurtardığı İ.V.Stalin onu həbsdən azad edərək özü ilə bərabər Moskvaya aparır və RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin edir. Lakin bir müddətdən sonra M.Ə.Rəsulzadə gizlin yolla Finlandiyaya keçə bilir. Oradan isə Türkiyəyə gedir. Beləliklə, onun mühacirət dövrü başlanır. Bir müddətdən  sonra onun burada “Azərbaycan Respublikasının keçmişi, təşəkkülü və indiki vəziyyəti”, “Əsrimizin Səyavuşu”, “İstiqlal məfkurəsi və gənclik” və başqa kitabları çap olunur.

Ürəyi hər zaman vətənlə döyünən böyük ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da vəfat edib və Ankaranın Əsri qəbiristanlığında dəfn olunub.

 

Bir cevap yazın