Baş Region

Böyük Vətən Müharibəsinin İmişlidən olan iştirakçılarından hazırda neçə nəfər yaşayır?

9 May faşist Almaniyası üzərində Qələbə günüdür.

Böyük Vətən Müharibəsi 1941-1945-ci illərdə SSRİ-nin-Rusiya və keçmiş sovet respublikalarının faşist Almaniyasına qarşı apardığı müharibə idi. Həmin müharibə 1941-ci il iyunun 22-də faşistlərin Sovet İttifaqına qəfil hücumu ilə başlamışdı. Bu savaş milyonlarla insanın həyatına son qoydu. Sovet İttifaqı xalqlarının dördillik mübarizəsi qələbə ilə nəticələndi. 1945-ci il mayın 8-dən 9-na keçən gecə faşist Almaniyası təslim olmaq haqqında aktı imzaladı.

Böyük Vətən Müharibəsində Azərbaycandan 600 min nəfərdən çox insan iştirak etmişdi. Bunların da, demək olar ki, yarısı cəbhədə həlak olub. Göstərdiyi igidliyə görə 42 nəfər Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla mükafatlandırılıb.

İmişli rayonundan 4546 nəfər çağırışçı və könüllü bu müharibədə iştirak edib. Müharibədən sonra onlardan 2657 nəfər rayon sakini sağ-salamat geri qayıda bilib.

Bu məlumatı 365.com.az-a Böyük Vətən Müharibəsi Veteranlar Birliyinin İmişli rayon şöbəsinin sədri Camal Vəliyev verib. Onun sözlərinə görə, hazırda həmin savaşın yalnız 5 nəfər iştirakçısı həyatdadır:

“Müharibəyə gedən 4546 nəfər rayon sakinindən 648 nəfər həlak olub, 1218-i itkin düşüb, 2669-i isə sağ-salamat geri qayıdıb. Aradan keçən bu 73 il müddətində, təbii ki, onlardan çoxu vəfat edib. İllər keçdikcə, sıralarımız daha da seyrəlir. İndi isə sayımız çox azalıb. Belə ki, hazırda həmin veteranlardan cəmi 5 nəfər yaşayır.”