Ölkə Region

BDU-nun Qazax filialında mindən çox tələbə yaz imtahan sessiyasında iştirak edir

Bakı Dövlət Universitetinin Qazax filialında 2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyası başlanıb. 365.com.az AZƏRTAC-a istinadən xəbər verir ki , bununla əlaqədar filialın direktoru Arif Rüstəmovun rəhbərliyi ilə yığıncaq keçirilib, əvvəlcədən hazırlıq işləri görülüb.

Direktorun müvafiq əmri ilə nəzarət komissiyası yaradılıb, müəllim-koordinatorların bölgüsü aparılıb. İmtahanların şəffaf və obyektiv keçirilməsi üçün filialda lazımi şərait yaradılıb.

İyun ayının 3-dən başlanan imtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərin, həmçinin ictimaiyyət nümayəndələrinin müraciətlərinin qəbulu və araşdırılması məqsədilə Qərargah yaradılıb. Qərargahın nəzdində fəaliyyət göstərən “Qaynar xətt”ə daxil olan müraciətlər dərhal araşdırılır. Qiymətləndirmədən narazı qalan tələbələrin Qərargaha müraciəti üçün şərait təmin edilib. Valideynlərə övladlarının imtahanlarında iştirak etmək üçün şərait yaradılıb. Əvvəlcədən həyata keçirilən tədbirlərin və görülən işlərin nəticəsidir ki, indiyədək heç bir qanun pozuntusu aşkar olunmayıb.

Filialın direktoru Arif Rüstəmov imtahanların gedişinə nəzarət etmək üçün mütəmadi olaraq imtahan auditoriyalarına gedir, tələbələri maraqlandıran sualları cavablandırır, onların qarşılaşdığı hər hansı problemin olub-olmaması ilə maraqlanır.

Yaz semestrində 1014 tələbə iştirak edir. Tələbələr 17 ixtisas üzrə 39 qrupda imtahan verirlər. Semestr ərzində tələbələrin 217 imtahan verməsi nəzərdə tutulur. İmtahan başa çatan gün onun nəticələri açıqlanır. Tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflıq təmin olunur.

Sessiya iyulun 3-dək davam edəcək.