Region

Bərdədə “Əl-ələ daha güclü” layihəsi başlayıb.

Bərdə şəhərində “Əl – ələ daha güclü” (“Stronger hand by hand”) layihəsinin ilk təlimi baş tutub. Təlimdə Bərdə və Bərdənin kəndlərindən ümumilikdə 15 nəfər qadın iştirak edib.
Təlimçi Sərdar Zeynalov Aktiv Vətəndaşlıq mövzusunda iştirakçıları məlumatlandırıb və qrup işləri edərək, iştirakçıların mövzunu praktik cəhətdən öyrənməsini təmin edib.
Layihə rəhbərinin 365.com.az-a verdiyi məlumata görə, ümumilikdə layihə çərçivəsində 6 mövzu üzrə təlimlər keçiriləcək və yekunda iştirakçılar irəli sürdükləri layihə ideyalarını reallaşdırma imkanı əldə edəcəklər. Bu ilin oktyabrında başa çatması planlaşdırılan layihənin yekununda iştirakçılar sertifikatlandırılacaq. Əhatə olunan mövzular – Aktiv Vətəndaşlıq, Emosional Zəka, Liderlik, Gender bərabərliyi, Qadınlar və İKT bacarıqları, və Layihənin yazılması və idarə olunması – peşəkar təlimçilər tərəfindən keçiriləcək.
3 ay davam edəcək layihədə əsas məqsəd, gender stereotiplərini aradan qaldırmaqla qadın hüquqlarını müdafiə etmək, gənc qadınların özlərinə inam hissini formalaşdırmaqla onların liderlik bacarıqlarını ortaya çıxarmaq və inkişaf etdirmək, eyni zamanda, qərarvermə prosesində qadın iştirakçılığına nail olmaq üçün iştirakçıları motivasiya etməkdir.
Qeyd edək ki, layihə Avropa Birliyinin maliyyə dəstəyi ilə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyətinin Təsisi Proqramı çərçivəsində həyata keçirilir.