Mədəniyyət Region

Bərdə rayonunun komandası bilik yarışında qalib gəlib

Bərdə Regional Mədəniyyət İdarəsi ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Yevlax şəhərində “Heydər Əliyev və mədəniyyətimiz” mövzusunda III bilik yarışması təşkil edib. İntellektual yarışa Bərdə, Tərtər, Yevlax və Mingəçevirdən gənc mədəniyyət işçiləri, o cümlədən regional idarə üzrə “Gənc mədəniyyət işçilərinin koordinasiya qrupu”nun üzvləri qatılıb.

365.com.az azərtaca istinadən, xəbər verir ki, tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərindən danışıblar. Bildirilib ki, intellektual yarışın keçirilməsində məqsəd ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi və təbliği, milli-mənəvi dəyərlərimizi gələcək nəsillərə aşılamaqdır.

Yarışda Bərdə rayonunu “Qarabağ”, Tərtər rayonunu “Qəhrəman”, Mingəçevir şəhərini “Nur”, Yevlax şəhərini isə “Karvan” komandası təmsil edib. Üç turdan ibarət yarış Bərdə rayonunun “Qarabağ” komandasının qələbəsi ilə başa çatıb. Turlar arası fasilədə mədəniyyət işçiləri bir-birindən gözəl mahnılar ifa ediblər.

Sonda qalib komanda regional idarə tərəfindən fəxri fərman və kubokla təltif olunub.