Ölkə

AzMİU-da abituriyentlər üçün “Açıq qapı” günü keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) I, II və V qrupa daxil olmaq istəyən abituriyentlər üçün “Açıq qapı” günü keçirilib.

365.com.az-ın salamnews -a istinadən verdiyi məlumata görə, Bakı məktəblilərinin universitet, professor və müəllim heyəti, fakültələr, laboratoriya və auditoriyalarla tanışlıq xarakteri daşıyan “Açıq qapı” günündə abituriyentlərə fakültələr, ixtisaslar, tədris prosesi, tələbə həyatı və s. barədə məlumatlar verilib.

Universitetin həyətində baş tutan görüşdə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova tədris ocağının tarixindən danışıb, bu günə qədər 50 mindən artıq ali təhsilli kadr hazırladığını deyib. Rektor bildirib ki, hazırda AzMİU-da 8 fakültədə 7000-ə yaxın tələbə təhsil alır, onlardan 700-ü xarici ölkə vətəndaşıdır, tədris 3 dildə – Azərbaycan, rus və ingilis dillərində aparılır. O, fakültələr, universitetin beynəlxalq əlaqələri barədə də geniş məlumat verib. Tanışlıq xarakterli çıxışında rektor universitetin ixtisaslarının həmişə aktual olduğunu, hazırladıqları kadrlara həmişə, hər yerdə ehtiyac duyulduğunu abituriyentlərin diqqətinə çatdırıb. Çıxışının sonunda G.Məmmədova abituriyentlərə imtahanlarda uğurlar diləyib, düzgün seçim etmələrini arzulayıb.

Sonra AzMİU-nun Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması kafedrasının müdiri Sahib Fərzəliyevçıxış edib, universitetə yüksək balla daxil olan tələbələr universitetdə yaradılan şəffaf mühitdən, obyektivlikdən, tələbə-müəllim münasibətlərinin səmimiliyindən razılıq edib, bu universitetdə oxuduqlarından qürur duyduqlarını, AzMİU-nu seçməkdə yanılmadıqlarını bildiriblər.

Çıxışlardan sonra abituriyentlər və onların valideynləri AzMİU ilə yaxından tanış olublar, geniş və işıqlı auditoriyaları, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaları gəziblər, böyük kitab fondu, dünyanın aparıcı elektron kitabxanalarına və resurslarına qoşulan kitabxana, nadir eksponatları olan muzey, tələbə və müəllimlərin əl işlərindən ibarət olan sərgi salonuna baş çəkiblər. Görüşün sonunda qonaqlar Universitetin müəllim və tələbə heyəti ilə bərabər çay süfrəsi arxasında səmimi söhbətlər edib, təəssüratlarını paylaşıblar.