Region

“Azərsu” ASC-in sədri Quba şəhərində vətəndaşları qəbul edib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov iyunun 14-də Quba şəhərində Quba və Qusar rayonlarından olan sakinləri qəbul edib.

365.com.az Azərtac-a istinadən xəbər verir ki, qəbuldan əvvəl “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Quba Sukanal Sahəsinin inzibati binasında keçirilən qəbulda Quba və Qusar rayonlarından olan 40 vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən içməli su təchizatı və kanalizasiya, içməli sudan əziyyət çəkən kəndlərin su təchizatının yaxşılaşdırılması, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən “Azərsu” ASC-nin sədri şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.