Baş Region

Cümhuriyyətin 100 illik yubileyinə həsr olunmuş intellektual yarış keçirilib

365.com.az xəbər verir ki, mayın 5-də İmişli şəhər 3 saylı tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “İmişli biliciləri” adlı intellektual yarış keçirilib.

Tədbirdə İmişli Təhsil Şöbəsinin müdiri Ramiz Əmirov, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs Vilayət Əliyev, “Araz” Humanitar Tədqiqatlar İctimai Birliyinin sədr müavini Əbülfət Zeynallı, müəllimlər və şagirdlər iştirak ediblər.

Yarışma “Araz” Humanitar Tədqiqatlar İctimai Birliyinin sponsorluğu və Azərbaycan İntellektual Oyunlar və Ziyalı Gənclər Maarifçi Klubunun dəstəyi ilə təşkil olunub. Bundan başqa, yarışa 3 saylı tam orta məktəbin şagirdləri Həsən Abdullayev, Cəfər Mənsimli və Mirzaur Hüseynli texniki dəstək veriblər.

Dövlət himninin səsləndirilməsindən sonra çıxış edənlər belə tipli yarışların şagirdlərin bilik və bacarıqlarını aydın şəkildə nümayiş etdirmək baxımından çox faydalı olduğundan danışıblar. Onlar Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət dövrü haqqında məlumata malik olmağın və onu təbliğ etməyin vacibliyini də vurğulayıblar.

3 turdan ibarət olan İntellektual yarışda rayonun ümumi təhsil məktəblərinin şagirdlərindən təşkil olunmuş 28 komanda iştirak edib. İştirakçılara 36 sual verilib. Yarışın yekun nəticəsinə görə, 1-ci yeri 8 saylı tam orta məktəbin “AXC-100”, 2-ci yeri 5 saylı məktəb-liseyin “Şahinlər”, 3-cü yeri isə 3 saylı tam orta məktəbin “Məntiq” komandası tutub.

İlk üçlüyü tutmuş komandalar medal, diplom və hədiyyələrlə təltif olunublar. 1-ci yerin sahibi olan komanda isə bunlardan əlavə kubokla mükafatlandırılıb.

 

[Best_Wordpress_Gallery id=”132″ gal_title=”Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş intellektual yarış keçirilib”]