Baş Layihə Region Təhsil

Avropa İttifaqının “Azərbaycanda təhsilə dəstək proqramı” çərçivəsində Peşə Təhsili Mərkəzinin maddi-texniki bazası gücləndirilir

Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzinin emalatxanasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

365.COM.AZ edu.gov.az-a istinadən bildirir ki, açılış mərasimində Təhsil nazirinin müavini İdris İsayev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov, Avropa İttifaqının ( Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının  (BMTİP) Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov və digər qonaqlar iştirak ediblər.

Açılışda iştirak edən nazir müavini İdris İsayev bildirib ki, yenidən qurulan emalatxana hər cür şəraitlə təmin olunub. Nazir müavini bu peşə təhsili mərkəzinin cənub regionu üçün peşəkar bacarıqlara malik kadrların hazırlanmasına və onların əmək bazarlarına çıxış imkanları əldə etmələrinə faydalı olacağını vurğulayıb.

Daha sonra çıxış edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas deyib ki, emalatxana Aİ-nin “Regional Model Peşə Təhsili Mərkəzinin yaradılmasına dəstək”  layihəsi çərçivəsində təmir olunub. Kestutis Yankauskas deyib ki, layihənin əsas məqsədlərindən biri Azərbaycanda gənclərin işlə təmin olunmasına töhfə verməkdir.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov da öz növbəsində qeyd edib ki,  emalatxananın yenidən qurulması və istifadəyə verilməsində məqsəd Lənkəran iqtisadi rayonunda Regional Peşə Təhsili və Təlimi (PTT) Mərkəzinin təsis edilməsinə dəstək göstərməkdən ibarətdir.

Hazırda bu peşə təhsili mərkəzində müxtəlif ixtisaslar üzrə təhsil alan 440-a yaxın tələbəyə peşə bacarıqlarını artırmaq imkanları təklif olunur. 2018-ci ildən etibarən mərkəzdə 280-dən çox  tələbə 6 yeni ixtisas üzrə praktiki iş vərdişlərinə yiyələnir. Yeni ixtisaslara fermerlik, məhsul yetişdirmə, şərabçılıq, o cümlədən dülgərlik, mebel ustası və üzükçü dizayner peşəsi daxildir.

Tədbirdə bildirilib ki, peşə təhsili mərkəzini bitirən tələbələrin sonrakı məşğulluq imkanlarına dəstək göstərmək məqsədilə bir sıra özəl şirkətlərlə, o cümlədən Günəşli Aqro Park, Cəlilabad Şərab Zavodu-2, Woodpecker və Embawood şirkətləri ilə anlaşma memorandumu imzalanması nəzərdə tutulub.

Qeyd edək ki, layihə Avropa İttifaqının “Azərbaycanda təhsilə dəstək proqramı” çərçivəsində BMTİP tərəfindən icra edilməkdədir.