Dünya Ölkə

Avropa Azərbaycanlıları Konqresinin prezidenti hesabatla çıxış edib

“Avropadakı diaspor fəaliyyətinin genişləndirilməsi, buradakı soydaşlarımızın ideya-siyasi birliyinin daha da gücləndirilməsi məqsədilə 2017-ci ildə qitədə 4 yeni diaspor təşkilatı – Nant şəhərində Fransa Azərbaycan Mədəniyyət Mərkəzi, Salonik şəhərində “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti, Münhen şəhərində Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzi, Bavariya şəhərində Bavariya Azərbaycanlıları Birliyi yaradılıb”.

365.com.az-ın APA-a istinadən verdiyi məlumata görə, bunu Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımov konqresin növbədənkənar qurultayında hesabat çıxışında deyib.

S. Qasımov bildirib ki, 2017-ci ildə 20 Yanvar faciəsi, Xocalı faciəsinin 25-ci ildönümü və “31 mart – Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar Avropanın bir çox ölkələrində tədbirlər təşkil edilib. 2017-ci ilin iyul ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində törədilmiş təxribatla əlaqədar BMT İnsan Haqları Komitəsi, ATƏT Parlament Assambleyasının, Avropa Şurasının İnsan Haqları komitələri, Avropa Parlamenti, Avropa Ombudsmanı, Beynəlxalq Qızıl Xaç Komitəsi, Almaniya Bundestaqı başda olmaqla, 20-yə yaxın quruma müraciət edilib, xaricdəki Ermənistan səfirliklərinin qarşısında azərbaycanlıların etiraz mitinqləri keçirilib.

Lobbi quruculuğu barədə hesabat verən AAK prezidenti qeyd edib ki, ötən dövrdə region ölkələrinin nüfuzlu ictimai xadimləri, dövlət adamları, siyasi partiyaların nümayəndələri və kütləvi informasiya vasitələri ilə təmasların qurulmasına xüsusi diqqət yetirilib: “Bu istiqamətdə müəyyən nailiyyətlər də var. 2017-ci ildə lobbiçilik istiqamətində Azərbaycan-Lüksemburq Parlamentlərarası Dostluq qrupunun ilk rəsmi görüşü keçirilib. Lüksemburq Deputatlar Palatasının sədri Mars Di Bartolomeonun rəsmi dəvəti ilə Azərbaycan-Lüksemburq Parlamentlərarası dostluq qrupunun rəhbəri Elmira Axundova və millət vəkili Sabir Hacıyev bu ölkəyə səfər edərək, parlamentdə bir sıra görüşlər keçiriblər. Səfərin ilk günü nümayəndə heyəti parlament binası qarşısında erməni diasporunun etiraz aksiyası ilə qarşılansa da, bu, görüşlərin yüksək səviyyədə keçirilməsinə və proqramına mane olmayıb. Bu kimi görüşlər Ukrayna rəsmiləri ilə də keçirilib. 2017-ci ildə Avropada həm Azərbaycan həqiqətlərinin təbliği, milli maraqlarımızın təmin olunması baxımından, həm də lobbiçilik sahəsində həyata keçirilmiş ən uğurlu tədbirlərdən biri Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda beynəlxalq forum olub. Dünyada, xüsusilə də Avropada separatizm meyllərinin artdığı bir dövrdə Belçika Krallığının Brüssel şəhərində Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda beynəlxalq forumun keçirilməsini diaspor fəaliyyətində mühüm nailiyyət kimi qiymətləndirmək olar. 2018-ci ilin fevral ayında AAK təşkilatçılığı, Finlandiya-Azərbaycan Assosiasiyasının ev sahibliyi ilə Helsinkidə Skandinaviya ölkələri üzrə azərbaycanlıların diaspor təşkilatlarının forumu keçirilib. Forumda AAK-ın Avropanın regionları üzrə mərkəzlərinin yaradılması və gələcək illər üçün Konqres və ona üzv qurumların qarşısında duran mühüm vəzifələr müzakirə edilib”.

Bir cevap yazın