İdman Region

Astarada boks üzrə Avropa çempionu ilə görüş

Avqustun 16-da Astara Rayon İcra Hakimiyyətində Gürcüstanın paytaxtı Tbilisi şəhərində yeniyetmələr arasında keçirilən boks üzrə Avropa birinciliyinin qalibi olmuş rayonun Ərçivan qəsəbə 3 nömrəli tam orta məktəbinin VII sinif şagirdi Məhəmmədəli Qasımzadə ilə görüş keçirilib.

365.com.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan millisinin tərkibində çıxış edən Məhəmmədəli Qasımzadə 35 ölkə idmançılarının iştirakı ilə yeniyetmələr arasında keçirilən boks üzrə Avropa birinciliyində 43 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Gərgin idman mübarizəsi şəraitində keçən bu mötəbər beynəlxalq turnirdə əzmkarlıq göstərərək qalib gələn Məhəmmədəli Qasımzadənin şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib, üçrəngli bayrağı ucaldılıb.

Görüşdə çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev yeniyetmə boksçunu və onun məşqçisi Nurlan Məmmədovu qazanılan böyük uğur münasibətilə təbrik edərək onlara yeni-yeni qələbə sevincləri arzulayıb.

Azərbaycanda, o cümlədən Astarada idmanın inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışan Q.Ağayev idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurları bu qayğının məntiqi nəticəsi kimi dəyərləndirib.

Sonda Avropa çempionu Məhəmmədəli Qasımzadəyə və onun məşqçisi Nurlan Məmmədova rayon icra hakimiyyətinin fəxri-fərmanı və pul mükafatı təqdim olunub.