İnkişaf Region

Ailə-fermer təsərrüfatının rəhbəri: Keyfiyyətinə görə yerli düyüyə tələbat çoxdur

Ağsu rayonunun Ərəbmehdibəy ərazi dairəsində Hacağa Hüseynova məxsus ailə-fermer təsərrüfatında çəltik biçininə başlanılıb.

365.com.az Azərtac-a istinadən xəbər verir ki, çəltikçilik rayonda qeyri-ənənəvi sahədir. Aqrar sektorda aparılan islahatlar, sahibkarlar üçün yaradılan əlverişli şərait nəticəsində digər fermerlər kimi, H.Hüseynovun da çəltikçiliyə marağı artıb. Bazarlarda yerli düyüyə tələbatın çox olması da onu bu sahəyə cəlb edən amillərdən biridir. H.Hüseynov bölgədə ötən il ilk dəfə olaraq 20 hektarda çəltik əkib yetişdirməyə nail olub. Birinci ildə sahələrdən 40 ton yüksək keyfiyyətli düyü götürüb.

Ailə-fermer təsərrüfatı cari ildə də 20 hektarda çəltik yetişdirib və artıq 5 hektarında biçin aparılıb. H.Hüseynov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, biçilən beş hektardan 16,5 ton məhsul istehsal edilib. Bu il 60 ton düyü götürəcəklərinə əminliyini bildirən təsərrüfat sahibi deyib: “Məhsulun satışında heç bir çətinliyimiz yoxdur. Keyfiyyətinə görə yerli düyüyə tələbat çoxdur. Çəltikçilik çətin, lakin gəlirli sahədir. Gələn il əkin sahəsini artırmağı qərara almışıq”.